Çin prezidenti Si Cinpin ABŞ prezidenti Donald Tramp ilə Pekində keçirdiyi görüş zamanı Rusiya lideri Vladimir Putinin Ukraynaya hücum qərarına görə gələcəkdə “peşman ola biləcəyini” bildirib.
Modern.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Financial Times” qəzeti yazıb. Bildirilir ki, Si Cinpin Rusiya-Ukrayna müharibəsi ilə bağlı müzakirələr zamanı Putinin qərarını dolayısı ilə tənqid edib. Mənbələrin sözlərinə görə, Çin lideri daha əvvəl ABŞ-nin keçmiş prezidenti Co Baydenlə apardığı danışıqlarda Ukrayna münaqişəsi barədə belə fikirlər səsləndirməmişdi.
“Financial Times” qeyd edir ki, Si Cinpinin açıqlaması müharibənin dörd ildən sonra dalana dirəndiyi, Ukraynanın isə Rusiyanın dərinliklərindəki hədəflərə pilotsuz uçuş aparatları ilə daha effektiv zərbələr endirdiyi bir dövrə təsadüf edir.
Məlumata görə, Tramp administrasiyası mayın 17-də Pekində keçirilən sammitlə bağlı hesabat yayıb. Lakin açıqlamada liderlərin Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi barədə məlumat yer almayıb.