Bakı. Trend:
Mənnzil sadəcə beton və poladdan ibarət deyil, insan ləyaqəti, təhlükəsizlik, sabitlik və ümid deməkdir.
Trend xəbər verir ki, bu fikirləri Esvatini Kralı Əlahəzrət III Msvati Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
O qeyd edib ki, dünyada milyardlarla insan qeyri-kafi mənzil şəraiti, sürətli urbanizasiya, iqlim fəlakətləri və yoxsulluqla üz-üzədir.
“Əsl dayanıqlı şəhər göydələnlərinin hündürlüyü ilə deyil, insanlarını, xüsusilə də ən həssas təbəqələri qorumaq və gücləndirmək bacarığı ilə ölçülür”, – deyə o vurğulayıb.
III Msvati bildirib ki, Esvatini hökuməti əlçatan mənzil, keyfiyyətli infrastruktur və ekoloji dayanıqlılıq istiqamətində geniş proqramlar həyata keçirir.
Onun sözlərinə görə, 2025-ci ildə istifadəyə verilmiş “Strategiya 2030” proqramı Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun şəkildə hazırlanıb.
Kral əlavə edib ki, urbanizasiya və iqlim dəyişikliyi ilə bağlı çağırışların həlli üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
“Biz bərpa olunan enerji, yaşıl infrastruktur və iqlimə davamlı yaşayış məntəqələrinə investisiyaları artırmalıyıq”, – deyə o bildirib.
III Msvati çıxışının sonunda Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Bakının inkişafını yüksək qiymətləndirib.