Bakı. Trend:
Dünyanı mənzil ilə təmin etmək, təhlükəsiz, dayanıqlı şəhərlər və icmalar mövzusu müasir dövrün ən aktual qlobal çağırışlarından biridir.
Trend xəbər verir ki, bunu Mavriki Respublikasının Prezidenti Daramber Qoxul Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
O qeyd edib ki, WUF13 dayanıqlı şəhər planlaşdırılması və inkişafı üzrə gələcək gündəliyin formalaşdırılması üçün vacib platformadır:
"Dünya üzrə şəhərlər misilsiz sürətlə genişlənir və belə şəraitdə dayanıqlı insan inkişafının təmin olunması üçün mənzil və şəhərsalma siyasəti dövlət siyasətinin mərkəzində dayanmalıdır. Mavriki kiçik ada dövlətidir. İnkişaf etməkdə olan dövlət kimi torpaq resurslarının məhdudluğu, dəniz səviyyəsinin qalxması, ekoloji risklər və urbanizasiya təzyiqləri ilə üz-üzədir. Dövlətimiz UN-Habitat və Yeni Şəhər Gündəliyinin prinsiplərinə uyğun olaraq, məhdud resurslardan səmərəli istifadə, iqtisadi artım, ekoloji dayanıqlıq və sosial ədalət arasında balansın təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlər aşağı və orta gəlirli ailələr üçün təhlükəsiz, əlverişli və ekoloji mənzil imkanlarının genişləndirilməsini əhatə edir.
Mili inkişaf strategiyası daha dayanıqlı şəhər modelinə keçid üçün mühüm çərçivə rolunu oynayır. Bu model balanslaşdırılmış ərazi inkişafı, torpaqdan səmərəli istifadə, nəqliyyat və əlaqəliliyin yaxşılaşdırılması, eləcə də ətraf mühitin qorunması və iqlimə davamlılığın gücləndirilməsini nəzərdə tutur.
Azərbaycanın şəhərsalma təcrübəsi, xüsusilə, Ağ Şəhər layihəsi və Qarabağda, Ağdam şəhərinin baş planı kimi təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək istərdim. Prezident İlham Əliyevin rəhbərliyi altında 2006-cı ildə qəbul edilmiş ekoloji tədbirlər haqqında sərəncamın icrasının mühüm addımlardan biri olduğunu düşünürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin dayanıqlı şəhər inkişafına töhfə verdiyi xüsusi vurğulamaq istərdim", o bildirib.