Bakı.Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilinə görə təşəkkürünü bildirib.
Trend xəbər verir ki, o, bunu Bakıda keçirilən WUF13 çərçivəsində çıxış edərkən deyib.
“İlk növbədə, bugünkü forumun Xəzər dənizinin və bütün dünyanın incisi olan gözəl Bakı şəhərində qüsursuz təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə Zati-Aliləri İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə o bildirib.
Şavkat Mirziyoyev qeyd edib ki, Azərbaycan, xüsusilə Qarabağda sürətli və genişmiqyaslı inkişaf dövrünü yaşayır.
“Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri tikilib. Fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, Özbəkistan bu nəcib səylərə layiqli töhfə verməyə hazırdır”, - deyə o qeyd edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirəcək.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.