Həm Azərbaycanın, həm də tədbirin keçirildiyi Bakı şəhərinin dünyanın müxtəlif yerlərindən biznes nümayəndələrini, hökumət təmsilçilərini, iş adamlarını və bələdiyyə nümayəndələrini bir araya gətirən belə platformalara təşəbbüs göstərməsi çox vacibdir.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Modern.az-a açıqlamasında Ukrayna Şəhərlər Assosiasiyasının Kiyev Regional Bölməsinin İdarə Heyətinin sədri, Buça meri Anatoliy Fedoruk bildirib.
O vurğulayıb ki, burada hər kəs öz təcrübəsini nümayiş etdirir.
“Bu, fikir və təcrübə mübadiləsi üçün bir platformadır. Azərbaycan və xüsusilə Bakı burada liderlik nümayiş etdirir.
Forum çərçivəsində təşkil olunan sərgi də xüsusi maraq doğurur. Müxtəlif ölkələrin şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf sahəsində təqdim etdiyi layihələri yaxından görmək mümkündür. Bu cür sərgilər yeni tərəfdaşlıqların qurulması və təcrübə mübadiləsi baxımından çox önəmlidir”, - deyə o əlavə edib.