Şəhər sadəcə binalar toplusu deyil, insan hekayələrinin məcmusudur.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) mətbuat konfransında BMT-Habitat Assambleyasının prezidenti Nga Kor Ming bildirib.
O qeyd edib ki, urbanizasiya cəmiyyətləri sürətlə dəyişir və şəhərlər iqtisadi imkanlar, innovasiya və mədəni mübadilə yaratsa da, eyni zamanda mənzil təminatı, iqlim riskləri, sosial bərabərsizlik, infrastruktur və ictimai xidmətlərə artan tələbat kimi çağırışlarla üz-üzədir.
Nga Kor Ming vurğulayıb ki, xüsusilə həssas icmalar üçün adekvat mənzilə çıxış ən aktual məsələlərdən biri olaraq qalır:
“Bu səbəbdən builki forumun “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu olduqca aktualdır. Bu, bizə xatırladır ki, insanlıq bizim ən böyük gücümüzdür”.
Onun sözlərinə görə, texnologiya informasiyanı sürətlə yaya bilsə də, lakin icma qurmaq üçün lazım olan etimadı və müdrikliyi əvəz edə bilməz.
BMT-Habitat Assambleyasının prezidenti bildirib ki, forum çərçivəsində müzakirələr şəhərlərin daha inklüziv və dayanıqlı olması üçün praktik yanaşmalara yönələcək. O, mənzil siyasəti və maliyyələşmə sahəsində mühüm fikir mübadilələrinin aparılacağını qeyd edib.
“Gələcək onu proqnozlaşdıranlara deyil, onu quranlara məxsusdur”, - deyə Nga Kor Ming əlavə edib.
O, Bakıda keçirilən Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünün Nyu-Yorkda baş tutacaq yüksək səviyyəli aralıq icmal öncəsi güclü siyasi iradə nümayiş etdirdiyini bildirib.
Nga Kor Ming çıxışında Azərbaycan atalar sözünə də istinad edib:
“Damla-damla göl olar, axa-axa çay”.
O həmçinin vurğulayıb ki, WUF13 dialoqdan real nəticələrə, baxışdan əməli fəaliyyətə keçid üçün mühüm platformadır.