Bu gün Bakıda keçirilən forum qlobal şəhərsalma, mənzil təminatı və dayanıqlı inkişaf məsələlərinin müzakirəsi baxımından mühüm platformadır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Modern.az-a açıqlamasında Cənubi Afrikada yerləşən Esvatini Krallığından olan iştirakçı Melusi Hlandze bildirib.
Onun sözlərinə görə, panel sessiyalarında müxtəlif ölkələrdən olan iştirakçılar öz təcrübələrini bölüşür, urbanizasiya, infrastruktur və icmaların inkişafı ilə bağlı vacib fikir mübadiləsi aparırlar.
“Sessiyalar kifayət qədər maraqlı və interaktiv keçir, burada səsləndirilən fikirlər iştirakçılar üçün yeni yanaşmalar və əməkdaşlıq imkanları yaradır”.
M.Hlandze Azərbaycana səfərindən məmnunluğunu da ifadə edib:
“Azərbaycanın çox gözəl ölkə olduğunu gördük və burada görülən hazırlıqlardan razı qaldıq. Getməli olduğumuz bütün məkanlara rahat şəkildə çata bilirik. Təşkilatçılıq yüksək səviyyədə qurulub.
Azərbaycana ilk səfərimdir və buradakı inkişaf məni həqiqətən heyran etdi. Azərbaycan çox gözəl ölkədir. Burada mehriban və qonaqpərvər insanlarla qarşılaşırıq. Gördüyümüz hər şey bizdə müsbət təəssürat yaradır”.