Bakı. Trend:
Son illərdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti göstərir ki, türk dövlətləri arasındakı münasibətlər artıq yalnız ortaq tarix və mədəniyyət amili üzərində qurulmur. Bu əməkdaşlıq modeli tədricən siyasi, iqtisadi, humanitar və ictimai müstəvidə institusional xarakter almağa başlayıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.
Millət vəkili xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirlər də məhz bu strateji xəttin davamıdır. Prezident İlham Əliyevin “Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir” mesajı əslində təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi tezisdir:
Deputat bildirib ki, Azərbaycanın təşkilata sədrlik etdiyi dövrdə diqqət çəkən əsas məqamlardan biri əməkdaşlığın yalnız hökumətlər səviyyəsində deyil, vətəndaş cəmiyyəti institutları arasında da gücləndirilməsidir:
“Çünki müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin dayanıqlı inteqrasiyası təkcə siyasi qərarlarla deyil, ictimai platformaların və humanitar əlaqələrin möhkəmlənməsi ilə mümkün olur. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə 2025-ci ilin noyabrında Bakı və Naxçıvanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə daha iddialı məqsədlərin müəyyənləşdirilməsi, əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirilməsi və çevik mexanizmlərin formalaşdırılması ilə bağlı çağırışları türk dünyasının gələcək inkişaf konsepsiyasını ortaya qoyurdu”.
V.İskəndərovun sözlərinə görə, sslində bu gün baş verən proseslər artıq yeni bir inteqrasiya modelinin formalaşdığını göstərir:
“İlk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılması və platformanın rəhbərliyinin Azərbaycana həvalə olunması təsadüfi deyil. Platformanın daimi qərargahının Bakıda yerləşməsi də Azərbaycanın türk dünyasının ictimai diplomatiya mərkəzinə çevrildiyini nümayiş etdirir. Son yeddi ayda ikinci dəfə türk dövlətlərinin QHT nümayəndələrinin Azərbaycanda toplaşması Bakının artıq koordinasiyaedici mərkəz kimi qəbul olunduğunu təsdiqləyir”.
Deputat əlavə edib ki, 2026-cı il mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu da bu baxımdan mühüm siyasi və ictimai hadisədir:
“Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının tərəfdaşlığı ilə keçirilən forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstandan nümayəndələrin iştirakı əməkdaşlığın geniş coğrafiyasını nümayiş etdirdi. Forum çərçivəsində WUF13 tədbirinin türk dünyasında ilk dəfə keçirilməsinin xüsusi vurğulanması da Azərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
Diqqət çəkən başqa mühüm məqam isə forum çərçivəsində ilk dəfə Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan və Azərbaycan-Şimali Kipr QHT-lərinin əməkdaşlıq platformalarının yaradılmasıdır. Bundan əvvəl Türkiyə, Özbəkistan və Qazaxıstan ilə keçirilmiş əməkdaşlıq forumları artıq ortaq fəaliyyət mexanizminin formalaşdığını göstərirdi. Bu təşəbbüslər gələcəkdə türk dövlətlərinin QHT-lərinin BMT və digər beynəlxalq platformalarda daha koordinasiyalı fəaliyyətinə ciddi təkan verəcək”.
Parlamentari qeyd edib ki, Azərbaycan yalnız siyasi inteqrasiyanı deyil, türk xalqlarının ortaq mədəni və elmi irsinin qorunmasını da prioritet hesab edir:
“Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı sərəncamı və iyun ayında Bakıda keçiriləcək “Türk dünyası həftəsi” bunun bariz nümunəsidir. Bu təşəbbüs türk dünyasının ortaq kimliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ olacaq”.
