Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki, həmçinin “MS Now” telekanalını böhtan xarakterli məlumat yaydıqlarına görə məhkəməyə verməyə hazırlaşır.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Psaki “MS Now” telekanalında yayımlanan verilişində Erikin şəxsi kommersiya maraqlarına görə, bu yaxınlarda atasının Çinə rəsmi səfərinə qoşulduğunu iddia edib.
“Mən Cen Psaki və “MS Now”a qarşı məhkəmədə iddia qaldırmaq niyyətindəyəm ... Mənim Çində heç bir kommersiya marağım yoxdur”, -deyə Erik Tramp "X" sosial şəbəkəsində yazıb.
ABŞ liderinin oğlu vurğulayıb ki, o, məhz atasına dəstək olmaq üçün Çinə gedib və Donald Trampın Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə danışıqları zamanı həyat yoldaşı ilə birlikdə Böyük Çin səddini ziyarət edib.
ABŞ lideri mayın 13-də Çinə gəlib, dövlət səfəri isə mayın 15-də başa çatıb.