"Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə silah, texnika, zirehli vasitələr və şəxsi heyət toplaması gələcək mümkün təxribatlardan xəbər verir. Bu, Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülhə kifayət qədər ciddi mənfi təsir göstərəcək".
Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, bu fəaliyyətlər qətiyyən Ermənistanın dövlət maraqlarına uyğun gəlmir. Əksinə, indiyə qədər baş verən təxribatlar zamanı Ermənistan kifayət qədər ciddi və sarsıdıcı zərbələr alıb:
"Ermənistanın bu təxribatlar fonunda aprelin 1-dən may ayının 28-nə qədər geniş miqyaslı hərbi toplanışlar keçirməsi, 5 min nəfərə qədər ehtiyatda olan hərbiçiləri ordu sıralarına çağırması və bu çağırılanlar arasında da mühəndis, kəşfiyyat, artileriya üzrə mütəxəssislərin üstünlük təşkil etməsi, Ermənistanın növbəti təxribatlarının genişmiqyaslı ola biləcəyini irəli sürməyə imkan verir".