Azərbaycanda dərman qiymətlərinin digər ölkələrlə müqayisədə yüksək olması uzun illərdir müzakirə olunan məsələlər sırasındadır. Xüsusilə Türkiyə ilə müqayisədə bir sıra preparatların daha baha satılması vətəndaşların diqqətini çəkir. Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əlibala Məhərrəmzadə bildirir ki, Azərbaycanda dərmanların baha olmasının əsas səbəblərindən biri xaricdən gətirilən preparatların ölkəyə daxil olarkən əlavə xərclərlə yüklənməsidir: “Xarici ölkələrdə istehsal olunan dərmanların əksəriyyətinin satışında dövlət dotasiyası var. Amma həmin preparatlar Azərbaycana gətirilərkən şirkətlər onları daha baha qiymətə alırlar. Məsələn, bir dərman preparatının qiyməti Türkiyədə 10 manatdırsa, bizim şirkət həmin dərmanı oradan 15 manata alıa bilir. Burada isə üzərinə təxminən 36 faiz vergi və digər bütün proseslər əlavə olunur. Nəticədə preparatın qiyməti demək olar ki, iki dəfə artır. Daha sonra həmin dərmanı satan distribütor şəbəkəsinin müəyyən edilmiş yerlərə paylaması və aptek zəncirinin də üzərinə əlavə etdiyi məbləğlər ümumi qiyməti daha da yüksəldir. Dərmanın baha olmasının əsas səbəbi də bu olur”.