Bakı. Trend:
Yaponiyanın enerji şirkəti olan “Tohoku Electric Power” Miyaqi prefekturasında yerləşən “Onaqava” Atom Elektrik Stansiyasının ikinci enerji blokunun fəaliyyətinin plandankənar texniki baxış üçün dayandırıldığını elan edib.
Trend xarici mediaya istinadən xəbər verir ki, buna səbəb stansiyanın turbin binasında radioaktiv maddələr ehtiva edən az həcmdə buxarın aşkarlanması olub.
Şirkətin məlumatına görə, mayın 15-də stansiyanın işçiləri istifadə olunmuş buxarın kondensatını toplamaq üçün nəzərdə tutulan rezervuardan radioaktiv buxar sızmasını qeydə alıb.
Bağlayıcı klapanın yenidən bərkidilməsi yolu ilə nasazlığın aradan qaldırılması cəhdi nəticə verməyib. Bununla əlaqədar olaraq, plandankənar texniki xidmətin həyata keçirilməsi məqsədilə reaktorun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.