Bakı. Trend:
Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq müstəvisi türk dünyasını vahid ailə kimi bir platformada birləşdirməklə bu regionu XXI əsrdə Avrasiyada nüfuzlu geosiyasi güc mərkəzinə çevirməkdədir.
Trend xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı deyib.
Baş katib vurğulayıb ki, hazırkı tədbirdə iştirak edən qeyri-hökumət təşkilatları günü-gündən güclənməkdə olan Türk dünyasının inteqrasiyasına böyük töhfə verməkdədirlər:
“Bu gün platforma ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində, QHT-ləri arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır.
Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olub”.
A.Allahverənov diqqətə çatdırıb ki, 2026-cı ilin noyabrınadək platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlərin yerinə yetirilməsi, o cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur.
“Ümid edirik ki, Platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlarımız arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək”, - deyə o fikrini yekunlaşdırıb.