Bakı. Trend:
Uqandada “Ebola” qızdırmasının yayılması qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Uqanda Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, virus Uqandaya Konqo Demokratik Respublikasından daxil olub.
Mayın 15-də Konqo Demokratik Respublikasında “Ebola” virusundan 65 nəfərin öldüyü bildirilmişdi.
“Ebola” virusu ilk dəfə 1976-cı ildə Sudan və Konqo Demokratik Respublikasında aşkarlanıb. Həmin epidemiyalardan biri Ebola çayı yaxınlığında baş verdiyi üçün xəstəlik də öz adını buradan götürüb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, “Ebola” virusu infeksiyasından orta ölüm göstəricisi təxminən 50 faizdir. Virus insanlara yoluxmuş heyvanların qanı və ya digər bədən mayeləri ilə sıx təmas nəticəsində ötürülür. “Ebola”, həmçinin yoluxmuş insanların qanı, ifrazatları və digər bədən mayeləri ilə birbaşa təmas, eləcə də bu mayelərlə çirklənmiş mühitlərlə dolayı təmas vasitəsilə insandan insana keçir.
Xəstəliyin simptomlarına qızdırma, güclü zəiflik, əzələ ağrıları, baş və boğaz ağrıları daxildir. Daha sonra qusma, ishal, səpgi, böyrək və qaraciyər funksiyalarının pozulması, bəzi hallarda isə qanaxma müşahidə olunur.