Bakı.Trend:
Şərqi Zəngəzur İqtisadi rayonu Azərbaycanın yaşıl enerji strategiyasında mühüm yer tutur. İşğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələri əsasında həyata keçirilən layihələrdən biri də Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC tərəfindən inşa olunan 330 kV-luq “Şəfəq” yarımstansiyasıdır.
Trend-in Qarabağ bürosunun məlumatına görə, “AzərEnerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib ki, bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının ölkənin enerjisisteminə inteqrasiyası məqsədilə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib.
Layihə çərçivəsində “AzərEnerji” tərəfindən Cəbrayılda müasir 330 kV-luq rəqəmsal yarımstansiya tikilib, həmçinin onu ölkənin enerji şəbəkəsinə birləşdirmək üçün “Cəbrayıl” Enerji Qovşağına qədər 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl enerjinin ölkə üzrə ötürülməsində strateji rol oynayır.
Yarımstansiya açıq və qapalı paylayıcı qurğular, rəqəmsal idarəetmə sistemi və məsafədən idarəetməni təmin edən mikro-SCADA dispetçer sistemi ilə təchiz olunub. Sistem mərkəzi SCADA platformasına inteqrasiya edilib.
Qeyd olunub ki, layihənin əsas məqsədi dövlət və özəl sektor əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməkdir.
Yaşıl enerjinin ötürülməsi istiqamətində həyata keçirilən digər mühüm layihələrdən biri də Səngəçal Terminalının alternativ enerji ilə təmin olunmasıdır. Bu məqsədlə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Nəticədə terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq, Cəbrayılda Günəş enerjisindən əldə olunan elektrik isə ümumi enerjisistem vasitəsilə Səngəçal terminalına ötürüləcək.
Bildirilib ki, terminalda fəaliyyət göstərən 140 MVt gücündə modul tipli qaz elektrik stansiyasının dayandırılması ilə illik 500 milyon kilovat-saat enerji bərpaolunan mənbələr hesabına təmin ediləcək. Bunun nəticəsində ildə 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət olunacaq və bp şirkətinin Xəzər regionundakı əməliyyatlarında CO2 emissiyası illik 260-330 min ton azalacaq.
Mircəlal Hüseynov vurğulayıb ki, enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi artıq real nəticələr verir. Xüsusilə aprel və may aylarında bəzi saatlarda ölkə üzrə elektrik enerjisi istehlakının 36-41 faizi yaşıl enerji hesabına təmin olunub.
Məsələn, aprelin 20-də ölkədə 64,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bunun 36,5 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. Həmin enerjinin 15,9 milyon kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı isə Günəş və külək elektrik stansiyalarında istehsal olunub.
Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə tikilən enerji obyektlərində yerli əhalinin məşğulluğuna da xüsusi diqqət yetirilir. “Şəfəq” yarımstansiyasında çalışan əməkdaşların əksəriyyəti bölgəyə qayıdan sakinlər arasından seçilib və onlar xüsusi təlimlərdən sonra işlə təmin olunublar.