Bakı. Trend:
Azərbaycan və Meksika Dünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası ərəfəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Meksikanın Çoxtərəfli İşlər və İnsan Hüquqları üzrə nazirinin müavini Enrike Oçoa sosial media hesabında yazıb.
"Meksika nümayəndə heyətinin Bakıda keçiriləcək Dünya Şəhər Forumunun 13-cü sessiyasında iştirakı ərəfəsində Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevi qəbul etdik. Meksika nümayəndə heyətinin iştirakının son detallarını müzakirə etdik. Əminik ki, forum mənzil məsələlərinin həlli və Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin irəliləməsi üçün uğurlu platforma olacaq", - Oçoa qeyd edib.
Tərəflər həmçinin çoxtərəfli əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.
WUF13 2026-cı il mayın 17-dən 22-dək Bakıda UN-HABITAT proqramı və Azərbaycan hökuməti arasında əməkdaşlıq çərçivəsində keçiriləcək. Forumda müxtəlif ölkələrdən hökumətlərin, bələdiyyələrin, özəl sektorun, vətəndaş cəmiyyətinin, gənclərin, akademik ictimaiyyətin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

