Bakı.Trend:
Bu gün Azərbaycan regional enerji keçidinin ön sıralarındadır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktorunun müavini Rəna Hümbətova Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
“Biz 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin və Paris Sazişinin məqsədlərini bərpa olunan enerji sahəsinə və transsərhəd ötürücü dəhlizlərə yönəlmiş iddialı investisiyalar yolu ilə həyata keçiririk. Ölkəmiz istixana qazı emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə 2035-ci ilədək 40 faiz azaltmaq kimi transformativ hədəf qəbul edib. Bu, Azərbaycanın dayanıqlı inkişaf, iqlimə dayanıqlığı və aşağıkarbonlu gələcəyə sadiqliyini nümayiş etdirir”, – deyə o bildirib.
R. Hümbətova qeyd edib ki, Azərbaycanın çoxsaylı stimullaşdırıcı mexanizmlərin və strateji islahatların dəstəyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinə və milli töhfə hədəflərinə nail olmaq istiqamətində irəliləyişi olduqca perspektivlidir.