Bakı. Trend:
Bütün dünyada olduğu kimi Orta Asiya ölkələrində və Gürcüstanda da müasir Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə anım tədbirləri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Daşkənd, Türküstan, Şimkənd, Rustavi, Qardabani, Dmanisi və Sadaxlıda keçirilən tədbirlərin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidələri önünə gül dəstələri düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açıq dərslər, fotosərgilər, esse və inşa müsabiqələri zamanı Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki tarixi xidmətləri, gənclərə və təhsilə göstərdiyi xüsusi diqqət, eləcə də ölkənin beynəlxalq nüfuzunun artırılmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib. Eyni zamanda Ümummilli Liderin həyat yoluna həsr olunan təqdimatlar nümayiş etdirilib, şagirdlər tərəfindən onun dövlətçilik fəaliyyəti ilə bağlı çıxışlar və ədəbi-bədii kompozisiyalar təqdim olunub. Gənclərin fəallığı və Ulu Öndərin irsinə göstərdiyi maraq tədbirlərin əsas diqqət mərkəzində olub və yüksək qiymətləndirilib.
Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün də Azərbaycanın inkişafına istiqamət verdiyini, onun ideyalarının gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbirlərdə, həmçinin, Azərbaycan ilə dost ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində Ümummilli Liderin müstəsna xidmətləri xüsusi qeyd olunub.
Keçirilən görüşlər və müzakirələrdə iştirakçılar əvəzolunmaz dövlət xadimi Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanın formalaşmasında və inkişafında oynadığı tarixi rolu xüsusi vurğulayıblar. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitliyin təmin olunduğu, dövlət quruculuğunun möhkəmləndirildiyi və beynəlxalq əlaqələrin genişləndirildiyi diqqətə çatdırılıb.
Silsilə anım tədbirləri Ulu Öndər Heydər Əliyevin zəngin irsinin gələcək nəsillərə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və diaspor gənclərinin Azərbaycan həqiqətlərinə daha yaxından bələd olması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məlumat üçün bildirək ki, tədbirlərin təşkilatçıları müvafiq olaraq Özbəkistanın paytaxtı Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi, Qazaxıstanın Türküstan vilayətindəki Qarabağ Azərbaycan Etnomədəni Birliyi, Şimkənd şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzi, Qardabani Təhsil və İnteqrasiya Mərkəzi, Dmanisi Tədris Mərkəzi və Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzidir.










