Bakı.Trend:
Son on ildə Azərbaycan mühüm şəhər transformasiyası proseslərindən keçib.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda bildirib.
“Bugünkü konfrans urbanistika ilə bağlı qlobal müzakirələrdə getdikcə daha mühüm yer tutan bir məsələyə – insan kapitalı ilə şəhərlərin davamlı transformasiyası arasındakı qarşılıqlı əlaqəyə həsr olunub. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və urbanizasiya prosesi sürətlə inkişaf etməyə davam edir”, – deyə o bildirib.
Dövlətxan Dövlətxanov qeyd edib ki, BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq.
“Bu proses iqtisadi artım, innovasiyalar və sosial inkişaf üçün əhəmiyyətli imkanlar yaradır. Bununla yanaşı, o, yaşayış və torpaq fondlarına, ictimai xidmətlərin əlçatanlığına və ekoloji dayanıqlılığa artmaqda olan təzyiq formalaşdırır. Bu kontekstdə şəhərlərin inkişafına yalnız fiziki infrastrukturun qurulması prizmasından yanaşmaq mümkün deyil”, – deyə o vurğulayıb.
Dövlətxan Dövlətxanov əlavə edib ki, son on ildə Azərbaycan demoqrafik və iqtisadi artım, infrastrukturun inkişafı və ərazi planlaşdırılması sahəsində islahatlarla bağlı mühüm şəhər transformasiyası proseslərindən keçib.
“Eyni zamanda, ölkənin ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa proqramına başlanılıb”,- deyə o qeyd edib.