Mövzu barədə Metbuat.az-a açıqlama verən psixoterapevt Rövşən Nəcəfov bildirib ki, qohum evliliklərinin reallaşması mühitin yaratdığı düşüncəyə bağlıdır. Müsahibimiz deyir ki, əgər mühitdə bu fikir normal qarşılanarsa, heç kim bu məsələni sorğulamayacaq:
“Qohum evlilikləri ailədə böyük hesab edilən şəxslərin qərarları ilə formalaşır. Bu evliliklərin baş verməsində sosial, iqtisadi, psixoloji, dini və coğrafi səbəblər ola bilər. Psixoloji faktorların əhəmiyyəti daha çoxdur. Bütün baxış bucaqlarında psixoloji tərəf mövcud olduğu üçün, psixoloji maarifləndirmə ilə qohum evliliyinə qarşı düşüncə immuniteti yaratmaq olar. Qohum evliliyi keçmişdən bu günə qədər düşüncə olaraq formalaşmış və ənənəyə çevrilmiş mədəniyyət halqasıdır. Bəzən ailələr düşünür ki, qız övladlarını yad bir şəxslə ailə qurmasına icazə versələr, daha sonra onunla müntəzəm görüşməkdə problem yaşaya bilərlər. Bu və ya buna bənzər düşüncələrlə insanlar qohum evliliklərini davam etdirirlər. Tarixdə səbəblər fərqli olub, indi səbəblər fərqli, amma məğz eynidir”.
Gülbəniz Hüseynli / Metbuat.az